Input your search keywords and press Enter.

Film Festival bu il nələr vəd edir?

 

14, 15, 16, 17 noyabr tarixlərində Bakıda 9. “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Beynəlxalq xarakter daşıyan kinofestival yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Həm əcnəbi, həm də yerli kinematoqrafçıların qatılacağı Festival, əsasən, qısametrajlı filmlərin müsabiqəsini və nümayişini təşkil edir.

Kinoforumun bu ilki proqramı daha zəngin olacaq. Festival Beynəlxalq müsabiqə, Yerli müsabiqə bölməsindən əlavə ilk dəfə olaraq, “Cinemobil” adlı mobil filmlərin müsabiqəsini elan edib. Onlayn rejimdə aparılacaq müsabiqəyə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa Festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədi ilə Pitçinq elan edir.

Festival çərçivəsində həmçinin Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş xüsusi proqram, retrospektiv, müsabiqədən kənar nümayişlər, ustad dərsləri, sənət müzakirələri təşkil olunacaq.