Input your search keywords and press Enter.

Yerli müsabiqənin finalistləri bəlli oldu

14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqə proqramında yarışacaq filmlərin adları bəlli olub.
“SINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu dəstək göstərir. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilati dəstək qismində iştirak edir.
Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib. Yerli müsabiqə üçün təqdim edilən filmlərin sayı 70 olub.
Filmlər Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib.
Seçim Komissiyasının qərarına əsasən Beynəlxalq və Yerli müsabiqədə “Qızıl nar” uğrunda 100 film mübarizə aparacaq. Bunlardan 28 film (17 bədii, 8 sənədli, 3 animasiya) isə Yerli müsabiqədə yarışacaq. Təqdim olunan eksperimental janrlı filmlərdən heç biri Yerli müsabiqənin final mərhələsinə adlaya bilməyib.
YERLİ müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri də üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək. Müsabiqə qalibləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı prodüser”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları üzrə seçiləcək.
Minimum güzəşt və maksimum istedada üstünlük verən “START” Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, aralarından ən yaxşıları qiymətləndirmək, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir.
Bununla yanaşı ölkəmizdə gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən Festival azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
“START” həm də yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Beləki, Festival çərçivəsində xarici rejissorların paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib.
Təşkilati dəstək: Nizami Kino Mərkəzi, “CinemaPlus”, “Özfilm”, “Colorit”, “İkiqat”, “ByGraphic”, BFİ
İnformasiya dəstəyi: Trend.az, Teleqraf.com, Day.az, Publika.az, Milli.az, Azernews.az, Axar.az, Mədəniyyət qəzeti