Close

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

Kateqoriya: MƏTBUAT
  • 0
    0
06.08.2022 - 18:12
124
0

19-23 noyabr tarixlərində Bakıda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir. “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Noyabrın 19-da Nizami Kino Mərkəzində festivalın təntənəli açılşı mərasimi keçirilib. Gecənin açılışında Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ölkədə kino sənətinin və kino sənayesinin nümayəndələrinin inkişafına dövlətin diqqət və qayğısından danışıb, mənəvi-əxlaqi və vətənpərvərlik dəyərlərinin təbliğində kinonun mühüm missiyasını diqqətə çatdırıb. Festivalın keçirilməsinin ölkədə kino sənətinin inkişafında, yeni istedadların üzə çıxarılmasında və gələcək layihələrin həyata keçirilməsində əhəmiyyəti qeyd edilib.

Festivalın direktoru Fehruz Şamıyev qeyd edib ki, kinoforumun işi həmişə yerli rejissorlara dəstək olmaq məqsədi daşıyır.

Bu il festivalda ilk dəfə olaraq “Azərbaycan kinematoqrafiyasında xidmətlərə görə” “Qızıl Nar” mükafatı təqdim edilib. Mükafat tanınmış rejissor, ssenarist, təsvir rejissoru və prodüser Hüseyn Mehdiyevə verilib.

Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni təmsil edən 30 film festivalın Beynəlxalq, 26 film isə Yerli müsabiqədə iştirak edir.

Beynəlxalq müsabiqədə yarışan filmləri publisist, yazıçı, bir çox filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirir.

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.

Bu ilki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də var. Belə ki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək.

Festivalın daha bir sürprizi BAFTA namizədlərinin xüsusi nümayişinin təşkil olunmasıdır. British Council ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunub.

“Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutur.

Festivalda yer alan  yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunur.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi,  “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council  yer alır.

Space Teleradio şirkəti, AvtoFM,  Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq” , Kulis.az portalı, Mədəniyyət qəzeti, KinoBiz platformaları festivalın media tərəfdaşıdır.

Festivalın bu ilki mesajı – sabahınbakısısənət