Close

Bakıda keçiriləcək festivala 3,5 min film göndərilib

Kateqoriya: MƏTBUAT
  • 1
    0
04.10.2019 - 16:30
43
0

Yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimlərinin təyin edəcəyi qaliblərə "Qızıl nar" mükafatı təqdim olunacaq.

Bu il 6-9 noyabr tarixlərində keçiriləcək Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, 10-cu açılışını edəcək festivala 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib.

"Cinemobil" də daxil olmaqla festivalın yerli proqramına 84 ekran işi göndərilib. Festival komitəsindən verilən xəbərə görə, ilk dəfədir ki, bu qədər qısametrajlı filmi özünə cəlb edən festivalda hazırda seçim prosesi gedir. Kino mütəxəssislərindən ibarət seçim komissiyası bu filmlər arasından beynəlxalq, yerli müsabiqə proqramlarında, eyni zamanda "Cinemobil" müsabiqədə yarışacaq ekran əsərlərini müəyyənləşdirəcək. Müsabiqəyə qatılacaq filmlərin adları oktyabr ayında açıqlanacaq. Yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimlərinin təyin edəcəyi qaliblərə "Qızıl nar" mükafatı təqdim olunacaq.

Beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Kinoforum çərçivəsində filmlərin müsabiqəsi ilə yanaşı, ustad dərsləri, müzakirələr və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə baş tutur.

Sputnik Azərbaycan