Close

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı

Kateqoriya: MƏTBUAT
  • 0
    0
15.07.2021 - 01:48
75
0

Bakı, 10 dekabr, AZƏRTAC 

Dekabrın 10-da ölkəmizdə Bakı Beynəlxalq Qısa Filmlər Festivalına start verilib.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq 11-ci kinoforumda müsabiqə filmlərinin nümayişi də daxil olmaqla bütün kütləvi tədbirlər onlayn reallaşacaq. Bu həm də festivalın bütün Azərbaycanı əhatə etməsinə şərait yaradacaq.

Dekabrın 15-dək davam edəcək builki festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film (İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçika, İran, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Rumıniya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib.

Seçim komissiyasının gərgin müzakirəsindən sonra 85 film festivalın “Beynəlxalq”, “Yerli” və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb. Müsabiqədə yer alan bütün yerli və xarici qısa filmlər www.live.filmfestival.az saytında yayımlanacaq.

Beynəlxalq müsabiqədə “Qızıl Nar” uğrunda yarışan filmləri Azərbaycan və Rusiyanın tanınmış rejissoru, prodüser Oleq Səfərəliyev (sədr), “Rotterdam”, “Locarno”, “Sarayevo” festivallarının mükafatçısı türkiyəli rejissor, prodüser Mehmet Bahadır Er, DOKER Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru rusiyalı prodüser İrina Şatalova, Avropa və ABŞ-da müxtəlif kino mükafatlarına layiq görülən rejissor Rüfət Əsədovdur.

33 ekran əsərinin yarışdığı yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), Kann festivalının "Təndiqçilər həftəsi" (Semaine de la Critique) proqramında Azərbaycanı təmsil edən ilk rejissor, prodüser Teymur Hacıyev, Kazan Film Festivalın əsas mükafatçısı rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək.

Hər il daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil”in qaydaları bu il dəyişib. Belə ki, qalibi tamaşaçılar deyil, yerli münsiflər heyəti seçəcək və o “Ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılacaq.

Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi olacaq. Film festival yerli müsabiqənin "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız postprodakşn işlərini festival həyata keçirəcək.

Festivalın qalibləri dekabrın 15-də açıqlanacaq.

Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır. Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar altı gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir. Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Prodüserlər Gildiyası, “ÖZ FİLM” şirkəti, “02 Media” da yer alır.