"TRT Sinema"nın müdiri Faruk Güvən azərbaycanlı kinematoqrafçılarla görüşdü
15-ci Bakı Beynəlxalq Film Festivalı davam edir.
Bu gün festival çərçivəsində "TRT Sinema"nın müdiri Faruk Güvənlə görüş keçirilib.
Təcrübəli mütəxəssis "TRT Sinema"nın beynəlxalq layihələrə dəstək istiqamətləri mövzusunda məruzə ilə çıxış edib.
Faruk bəy bildirib ki, gələcəkdə azərbaycanlı rejissorlarla bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur:
“Azərbaycanda çox istedadlı rejissorlar var. Onların sırasında Elçin Musaoğlu və Hilal Baydarovun adını xüsusilə qeyd edə bilərəm. İnanıram ki, gələcəkdə azərbaycanlı sənət adamları ilə davamlı işbirliyimiz olacaq. Çünki biz ortaq layihələrin həyata keçirilməsində maraqlıyıq.
Belə festivallarda iştirakımız sözegedən prosesi sürətləndirir. Bu kimi tədbirlər sayəsində biz qurum olaraq fəaliyyət istiqamətimizi tanıdırıq. Bu da öz növbəsində yeni əməkdaşlıqların qurulmasına töhfə verir”
Daha sonra mütəxəssis tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşəbbüsü ilə keçirilən “Baku Cinema Breeze Festival”ının (BCB) bir hissəsidir.