Close

Bir şəhər, min hekayə- BBFF film qəbulunu açıq elan edir!

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
21.06.2025 - 19:15
41
0

Noyabrın 7-12-də Bakı film arenasına çevriləcək. Müəlliflər Bakı Beynəlxalq Film Festivalında qarşılaşacaqlar!

Festivalın bir hissəsi olmaq istəyənlər, 16-cı BBFF-nın film qəbulunu qaçırmayın!

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda bu il də yarışma əsas iki kateqoriya- debüt tammetrajlı bədii filmlər və qısa filmlər üzrə aparılacaq.

Beynəlxalq müsabiqə

Həm xarici, həm də yerli müəllif öz tammetrajlı debüt filmini (birinci və ikinci filmi) festivalın Beynəlxalq proqramına təqdim edə bilər.

Qısametrajlı film kateqoriyasında isə xarici və yerli müəlliflərin 30 dəqiqədən çox olmayan bədii, sənədli, animasiya filmləri qəbul edilir.

2024-2025-ci illərin istehsalı olan filmlər https://filmfreeway.com/bakufilmfest platforması üzərindən göndərilir.

Beynəlxalq müsabiqəyə filmlərin qəbulu www.filmfreeway.com/bakufilmfest platforması üzərindən aparılır.

Yerli müsabiqə 

Yerli müsabiqədə 2023-2025-ci illərdə azərbaycanlı rejissor tərəfindən istehsal olunan qısametrajlı bədii, sənədli və animasiya filmləri qəbul olunur. Müəlliflər filmlərini www.filmfestival.az saytında qeydiyyat blankını doldurmaqla göndərə bilər. 

Sayt vasitəsilə yalnız Yerli müsabiqədə iştirak etmək mümkündür.

Filmlərin qəbulu 2025-ci il avqustun 1-dək davam edəcək. 

Peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası filmləri fərqli yanaşmasına, maraqlı üslubuna, hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə görə dəyərləndirirlər.   

Müsabiqədə iştirak edəcək filmlərin siyahısı 10 oktyabr 2025-ci il tarixində saytımızda və sosial şəbəkə hesablarımızda yerləşdiriləcək.

Müsabiqəyə qatılan filmləri beynəlxalq arenada yüksək mükafatlara layiq görülən əcnəbi və yerli kinematoqrafçıların təmsil olunduğu münsiflər heyəti qiymətləndirir.

BBFF debüt filmlərin kinonun inkişafındakı mühüm əhəmiyyətini nəzərə alaraq artıq ikinci ildir ki, debüt tammetrajlı bədii filmlərin müsabiqəsini elan edir.  Debütantlar oturuşmuş ənənələrdən daha fərqli, daha cəsarətli filmlər çəkməyə çalışır, yeni təhkiyə, vizual vasitələrdən istifadə edərək öz tərzlərini ortaya qoymağa səy göstərirlər. Bu filmlər vasitəsilə kinoda yeni yaradıcı istiqamətlər, yeni tendensiyalar formalaşır, yeni imzalar meydana çıxır, eksperimentlər aparılır. Məhz debüt filmlər sabahın kino prosesini müəyənləşdirirlər. BBFF-ı cəsarətli və qeyri-ənənəvi yanaşmalar vasitəsilə kino dilini zənginləşdirən debütantların platformasına çevrilməyi hədəfləyib. Festival debüt filmləri böyük ekranda göstərmək və kino sənayesində tanıtmaqla yanaşı, həm də yerli debütantlara stimul verir, onların beynəlxaql arenaya çıxmasına vasitəçilik edir.

Gənc Kinematoqrafçılar Mərkəzi olaraq Azərbaycan kinosunda yeni istedadların ortaya çıxarılması, onların diqqət mərkəzində olmaları üçün Bakı Beynəlxalq Film Festivalı təsis etdiyimiz ən böyük layihəmizdir. Kinonu sevən hər bir azərbaycanlının bu layihənin, festivalın bir parçası olmağa dəvət edirik.

Burada siz həm istehsalçılarla görüşüb müzakirələr apara, öz layihənizə komanda toplaya və yaxud xarici həmkarlarınızla ortaq layihələr barədə qərarlar verə biləcəksiniz. Bir-birindən maraqlı filmləri izləyəcəyinizə isə şübhəniz olmasın.