Bakı Film Festivalında Niki Kərimi ilə görüş

Bakı Beynəlxalq Film Festivalı çərçivəsində dünya kinematoqrafiyasının tanınmış simalarından olan İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi ilə görüş keçirilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqında baş tutan tədbirdə Kərimi kino sənətinin detalları və yaradıcı proses haqqında fikirlərini bölüşüb:
“Ümumiyyətlə, kino çoxqatlı bir sahədir. Məsələn, Hollivudda ildə nə qədər film çəkilir, ancaq baxaq görək, onların neçəsi uğurlu ola bilir. Kino çəkməyin əlçatan olduğu bir dövrdə yaşayırıq. Bu gün hər kəs əlindəki mobil telefona nələrsə çəkib qısametrajlı film kimi təqdim edə bilər. Bir tərəfdən hər şey bu qədər sadələşsə də, digər tərəfdən mürəkkəbliyini qoruyur. Bu ziddiyyətə misal olaraq sosial medianı qeyd edə bilərəm. Düşünürəm ki, sosial şəbəkələr ortaya çıxandan bəri film çəkmək çox çətinləşib. Əvvəllər insan rahatlıqla oturub istədiyini yazıb çəkirdi. İndiki dövrdə gənclərin ən böyük çətinliyi gördükləri işə fokuslana bilməmələridir".
O qeyd edib ki, yaradıcı insanın duyğu və düşüncələri çox orijinal olmalıdır, amma indiki dönəmdə duyğu orijinallığını qoruyub saxlamaq çox çətinləşib.
"Fikrimcə, gənc rejissorlar bu məsələyə həssaslıqla yanaşmalıdırlar. Digər tərəfdən yaradıcı insan üçün ən vacib məsələ özünü tanımaqdır. Monoton, dayaz bir həyatla yaradıcı adam olmaq mümkün deyil. Gərək çox ziddiyyətli bir həyat tərzin olsun. Hər dəfə yıxılandan sonra ayağa qalxmağı bacarmalısan ki, özünü daha yaxşı tanıya biləsən. Qorxmamalısan və özün üçün macəra yaratmağı bacarmalısan”.
Rejissor gələcəkdə Azərbaycanla bağlı film çəkmək istədiyini də vurğulayıb:
“İlk dəfədir ki, Bakıda oluram. Gələcəkdə mümkün olarsa, bura ilə bağlı film çəkmək istəyərəm. Cəmi üç-dörd gündür Bakıda olduğum üçün şəhər haqqında nəsə demək mənim üçün çətindir. Ancaq ilkin təəssüratıma əsasən insanlardan pozitiv enerji aldığımı qeyd edə bilərəm. Burada özümü yad hiss etmirəm”, – deyə o qeyd edib.
Daha sonra Niki Kərimi tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Niki Kərimi festivalın beynəlxalq münsiflər heyətində yer alıb.




