XVI Bakı Beynəlxalq Film Festivalı - 5 günlük marafon başa çatdı

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə tanınmış rejissor, aktrisa Niki Kərimi dünya kinematoqrafına verdiyi töhfələrə görə "Qızıl Nar" mükafatına layiq görülüb.
Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib. O bildirib ki, layihəyə maraq ildən-ilə artmaqdadır: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq.
Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına, könüllü heyətinə təşəkkür edirəm”.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Mərasimdə qalib filmlərdən ikisi "İki bəhanə ilə", "Erkən hisslər" nümayiş olunub.
Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.
Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.
Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.




