Close

Festivala film qəbulu başladı

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
25.07.2020 - 00:26
243
0

Bu il 13-17 noyabr tarixlərində Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbulu başladı.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, “02 media” da yer alır.

Festival bu il də “35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala 1 sentyabr tarixinə kimi təqdim etməlidirlər.

Festivalda beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri mövcuddur.

Beynəlxalq müsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

Yerli müsabiqədə bədii, sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur. 

Mobil telefonla çəkilmiş filmlərin yarışdığı  “Cinemobil” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Hər bir müəllif öz filmini festivalın saytı (www.filmfestival.az)  və www.filmfreeway.com  platforması üzərindən göndərə bilər.

Filmlər Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir.

Festivalın rəsmi proqramı 20 oktyabrda açıqlanacaq. 

Festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

2004-cü ildə təsis edilən, Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.