Close

Unudulmaz yolculuq diləyi ilə...

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
13.11.2020 - 05:02
264
0

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının 11-ci yolculuğunu ənənəvi qaydada həyata keçirmək üçün çox çalışdıq. Yerli və əcnəbi gənc müəlliflərin bir-birindən maraqlı filmlərini geniş və rahat kinozallarda tamaşaçılara nümayiş etdirmək, rejissor, prodüser, ssenarist bir sözlə kinematoqrafçıları bir araya gətirərək, onların görüş məkanına çevrilmək festivalımızın əsas məqsədlərindən biri olmaqla yanaşı biz-təşkilatçılara hər zaman xüsusi zövq bəxş edib.

Amma COVİD-19 Pandemiyasının ölkəmizdə geniş yayılması ilə əlaqədar olaraq bu il festivalın keçirilmə tarixlərində, qaydalarında və formatında dəyişiklik etməyə məcburuq.

Bildirək ki, 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 10-15 dekabr, 2020-ci ildə keçiriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin kütləvi tədbirlərin keçirilməməsi qərarına sadiq qalaraq festival zamanı müsabiqə filmlərinin nümayişi, ustad dərslər də daxil olmaqla keçirilən bütün kütləvi tədbirlər onlayn reallaşacaq.

İldən-ilə daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil” müsabiqəsinin də qaydalarında dəyişiklik edilib. Bu il müsabiqənin qalibini tamaşaçılar deyil, münsiflər heyəti seçəcək. Qalib “Ən yaxşı film” nominasiyası üzrə müəyyənləşəcək.

Azərbaycanda qısa filmlərə marağı artırmaq, onun nümayiş arealını genişləndirmək, gəncləri qısa film çəkməyə həvəsləndirmək, gənc kinematoqraf və onun problemlərini diqqət mərkəzinə gətirmək, Azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan yaratmağı özünün əsas məqsədləri hesab edən festivalımız inanırıq ki, bu il də kinosevərlərin diqqət mərkəzində olacaq.

Onlayn yolculuğumuzun tarixi, yadda qalan yolculuğa çevrilməsi diləyi ilə...