XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “Qızıl nar” mükafatının qalibləri açıqlanıb
Bakı, 16 noyabr, Emil Məlikov, AZƏRTAC
Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Mərasimdə festivalın beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqələri üzrə qaliblər bəlli olub.
XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev builki festival barədə danışaraq deyib: “Bu il festivala Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və s. daxil olmaqla 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı və “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan gürcü rejissoru, prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları və film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç qiymətləndirib. Festivalın yeni bölümü olan “Asiya istedadları” müsabiqəsində mübarizə aparan 10 filmi Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə qiymətləndirib və “Ən yaxşı film”, “Ən yaxşı rejissor” nominasiyalarının qaliblərini seçiblər. Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun və “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, “Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, həmçinin son illər Azərbaycan ədəbi mühitində özünəməxsus məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi, eləcə də tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alıb.
Festival qaliblərini təbrik edən Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov belə festivalların keçirilməsinin önəmindən danışıb: “Beş gün davam edən festivalda yerli film nümayişləri anşlaqla, gərgin müzakirələrlə yadda qalıb. Festival çərçivəsində, həmçinin tanınmış türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçirilib. Bu layihə ölkəmizdə kinematoqrafiyanın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir”.
Daha sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Qulu Əsgərovun “Hasar” filmi nümayiş olunub.