Close

Beynəlxalq festivala film qəbulu başladı

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
16.08.2022 - 13:42
531
0

 

11-15 noyabr tarixlərində Bakıda 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festival yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir.

Müəlliflər 30 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Beynəlxalq və Yerli müsabiqə

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini sentyabrın 10-na kimi göndərməlidirlər. Beynəlxalq müsabiqəyə filmlər https://filmfreeway.com/bakuisff platforması üzərindən göndərilir. 

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur.  Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-ə kimi göndərə bilər. Filmlər 2020-2022-ci illərdə istehsal olunmalıdır.

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda tələbə filmləri yarışacaq. Bu nominasiyaya film təqdim edən tələbələr qeydiyyat blankında “Ən yaxşı tələbə filmi nominasiyası” bəndinin qarşısında “bəli” düyməsini seçməlidirlər. Filminin tələbə filmləri ilə yox, müsabiqənin digər filmləri ilə yarışmasını istəyən tələbələr isə həmin bəndin “xeyr” düyməsini seçməlidirlər. Belə olan halda həmin tələbənin filmi “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda deyil, müsabiqənin digər nominasiyaları uğrunda yarışacaq.

“Cinemobil”

Onlayn keçiriləcək müsabiqəyə müəlliflər mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlərini təqdim edə bilərlər. Filmlərin müddəti 5 dəqiqədən artıq olmamalıdır. Təqdim olunan filmlər arasından 5 film seçilərək müsabiqəyə buraxılacaq və festivalın "Facebook" səhifəsinə yerləşdiriləcək. Qalib tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək.

Seçim Komissiyası

Festivala göndərilən filmlər peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası tərəfindən dəyərləndirilib müsabiqəyə daxil ediləcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.

Beynəlxalq və yerli müsabiqədə mübarizəyə qoşulacaq filmlərin siyahısı 20 oktyabr 2022-ci ildə saytımızda və sosial şəbəkə hesablarımızda yerləşdiriləcək.

Peşəkarlardan ibarət münsiflər heyəti

Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən və söz sahibi olan kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək. 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

“Qızıl Nar” – qaranlıqdan işığa

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar” behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz “bətnində” daşıyır. O an gəlib çatdıqda rejissor bətnindəkini işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır. 

“Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.

13 il sizinlə!

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 13 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.

Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan QISA FİLMLƏRƏ marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.