Close

"Növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq"

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
19.11.2023 - 22:09
164
0

 

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. O bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir:
“Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm.
Altı gün boyunca hər gün saat on birdən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq” – deyə o bildirib.

Mədəniyyət nazirinin müşaviri, ARKA sədrinin səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib.
“Bu gün burada ARKA işçilərindən mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir. Kinomatoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq” – deyə Orxan Fikrətoğlu bildirib.
O yaxın aylarda Türkiyə ilə birlikdə müştərək kino layihələrin olacağını diqqətə çatdırıb.

Daha sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 film festivalın baş mükafatını qazanıb.

Müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) "Heç biri" filmi “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, "Ən yaxşı animasiya filmi" üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri “Qızıl Nar” mükafatına layiq görülüb.

"Ən yaxşı bədii film rejissoru" nominasiyasında "Rəfiqəm" filmi ilə Kövsər Yunis (Misir), "Ən yaxşı sənədli film rejissoru” üzrə "Üç bacı" filmi ilə İman Behruzi (İran), "Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə "Cadugər-pəri" ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar.

“Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, "Ən yaxşı montaj" üzrə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) "Dava haqqında əsl həqiqət" filmləri qalib gəliblər.

Rejissor Manuel Omontenin (İspaniya) "Teruel ətrafında" filmi “münsiflər heyətinin xüsusi mükafatı”na, Nəzrin Ağamalıyevanın (Azərbaycan) "Hədis", Bahau Liunun (Çin-ABŞ) "Raket start meydançasında olanda", Evrim İncinin (Türkiyə) "Divar", Ayal Adamovun (Rusiya) "Aykuo", Aycan Qasımbəyin "Bir az sevgi" filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” diplomlarına layiq görülüb.

Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. “Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi mükafat əldə edib.

Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası” filmləri festivalın baş mükafatı “Qızıl Nar” layiq görülüb.

Müsabiqənin “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar.

“Nəfəs” filminə görə Elmar Bayramov “Ən yaxşı rejissor”, Şirin Əhmədov və Elmar Fərzəli “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomunu qazanıb.

“Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub.

Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının mükafatına, Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə diplomuna layiq görülüb.

Sonda Səməd Ağayevin “Qızıl nar”a layiq görülmüş “Salam, İsa” filmi nümayiş etdirilib