Close

Festivalda yenilik: Tammetrajlı filmlər də yarışmaya qoşulur!

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
15.05.2024 - 21:59
126
0

4-8 oktyabr tarixlərində Bakıda keçiriləcək 15-ci Bakı Beynəlxalq Film Festivalı film qəbuluna başlayır!

15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival tammetrajlı filmlərin müsabiqəsini elan edir. Bu il festivalın Beynəlxalq müsabiqəsində bədii tammetrajlı debütqısa filmlər yarışacaq.

Xarici və yerli müəlliflər Beynəlxalq müsabiqənin tammetrajlı film kateqoriyasına 52 dəqiqədən az olmayan bədii debüt filmlərini (birinci və yaxud ikinci film), müsabiqənin qısametrajlı film kateqoriyasına isə 30 dəqiqədən çox olmayan bədii, sənədli, animasiya filmlərini https://filmfreeway.com/bakufilmfest platforması üzərindən göndərməlidirlər.

Filmlər 2023-2024-cü illərin istehsalı olmalıdır.

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri qəbul olunur.  Müəlliflər filmlərini festivalın www.filmfestival.az saytı və https://filmfreeway.com/bakufilmfest platforması vasitəsilə göndərə bilər.

Filmlər 2022-2024-cü illərdə istehsal olunmalıdır.

Filmlərin qəbulu 2024-cü il iyulun 30-nadək davam edəcək. 

Festivala göndərilən filmlər peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası tərəfindən dəyərləndirilib müsabiqəyə daxil ediləcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.

Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən və söz sahibi olan kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək.

Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı "Qızıl Nar"dır. "Qızıl Nar" behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz "bətnində" daşıyır. O an gəlib çatdıqda rejissor bətnindəkini işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır.

"Qızıl Nar"la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalı artıq 15 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.