Jüri
Bakı Beynəlxalq Film Festivalının Beynəlxalq Debut tammetrajlı film müsabiqəsinin münsiflər heyəti
Hüseyn Mehdiyev (Azərbaycan)
Kinorejissor, ssenarist
Müəllifi olduğu filmlər bir sıra nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. Onun 1997-ci ildə Madriddə Beynəlxalq Film Festivalında mükafatlara layiq görülmüş “Özgə vaxt” filmi Azərbaycan kinosunun ən nadir nümunələrindəndir. Müəllifin “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Məkanın melodiyası” kimi filmləri milli kino tarixində müəllif kinosunun inkişafına təkan verib, kinomuzu dünya arenasında tanıdıb. “Beynəlxalq Audiovizual Festival” və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı layihələrinin müəllifi və rəhbəri olub. Azərbaycanın Əməkdar incəsənət xadimi və Avropa Kino Akademiyasının üzvü olan rejissor hazırda təsisçisi olduğu Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədridir.
Siddiq Barmak (Əfqanıstan/Fransa)
Kinorejissor və prodüser
“Usamə” debüt filmi ilə dünya kino tarixinə adını yazdıran rejissor bu ekran əsərinə görə “Qızıl qlobus” alıb, Kann, Pusan, London kinofestivallarında mükafatlara layiq görülüb. “Tiryək müharibəsi” ikinci filmi isə Roma, Batumi, Priştina, Kiş və digər beynəlxalq film festivallarında “Ən yaxşı film” adını qazanıb. Moskvada ÜDKİ-da (ВГИК) magistr dərəcəsi alan sənətkar, rejissorluqla yanaşı Əfqanıstanda ilk kino jurnalı olan “Cinema”nın nəşrində də mühüm rol oynayıb. O, həmçinin Kabil Universitetində kinodan dərs deyib. Bir neçə sənədli filmə müəlliflik edən rejissor, prodüser kimi də layihələrə imza atıb. O, Kino Sənətləri və Elmləri Akademiyasının, eyni zamanda “Netpac”ın üzvüdür. Hazırda Fransada yaşayan Siddiq Barmak “Poçtalyon” filminin istehsalı üzərində çalışır.
Mahmut Fazıl Coşkun (Türkiyə)
Rejissor, ssenarist
Kinoda ilk addımlarını sənədli filmlərlə atan rejissorun 2009-cu ildə çəkdiyi “Uzak ihtimal” ilk bədii filmi Rotterdam Film Festivalında “Ən yaxşı film”, İstanbul Film Festivalı və Adana Qızıl Qoza Film Festivallarında “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb. Dünya premyerası San Sebastian Film Festivalında baş tutan “Yozqat blues” filmi Adana Qızıl Qoza və Malatya Film Festivallarının “Ən yaxşı film”, Sofiya Film Festivalının isə “Ən yaxşı Balkan filmi” mükafatını alıb. Venesiya kinofestivalında dünya premyerası edən “Anons” filmi də milli və beynəlxalq festivallarda otuzdan çox mükafat qazanıb. O, həmçinin müasir incəsənət nümunəsi olan “Crossroads” sənədli filminin, rəqəmsal platforma üçün nəzərdə tutulan “Derin Mor” serialının müəllifidir.