Axtarış

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri “Qızıl Nar”la təltif olundu

XVI Bakı Beynəlxalq Film Festivalı Nizami Kino Mərkəzində keçirilən təntənəli bağlanış və mükafatlandırma mərasimi ilə başa çatıb. Festivalın müxtəlif müsabiqə proqramları üzrə qalibləri “Qızıl Nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, festivalın beynəlxalq münsiflər heyətinin üzvləri, tanınmış rejissor və aktyorlar, eləcə də ölkənin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqamlarından biri İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kəriminin mükafatlandırılması olub. Görkəmli kino xadimi dünya kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə festivalın xüsusi “Qızıl Nar” mükafatına layiq görülüb.

“Tamaşaçıların kino sevgisi bizə enerji verir”

Bağlanış mərasimində çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın zəngin proqramı, beynəlxalq iştirakı və tamaşaçı marağı ilə yadda qaldığını bildirib.

O, festivala olan marağın ildən-ilə artdığını vurğulayaraq təşkilati prosesdə iştirak edən komandaya və tamaşaçılara təşəkkür edib:

“Kinoya olan bu qədər böyük sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Festival təşkil etmək çətin və məsuliyyətli prosesdir. Beş gün ərzində bu prosesi birlikdə keçdik. Festivalın bütün komandasına təşəkkür edirəm”.

Çıxışlardan sonra festivalın beynəlxalq və yerli müsabiqə proqramlarının qalibləri elan olunub. Qaliblərə “Qızıl Nar” mükafatları, münsiflər heyətinin xüsusi mükafatları, diplomları və xüsusi qeydləri təqdim edilib.

Mərasimin sonunda festivalın qalib filmlərindən “İki bəhanə ilə”“Erkən hisslər” nümayiş olunub.

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri

Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsi

Ən yaxşı film
“Öyrənilən dərs”
Rejissor: Balint Szimler
Macarıstan

Ən yaxşı rejissor
Suiyi Yang — “Karst”
Çin

Ən yaxşı ssenari
“Bağlar, köklər, ehtiraslar”
Ssenarist: Ferit Karahan
Rejissor: Sunay Tərzioğlu
Türkiyə

Ən yaxşı təsvir rejissoru
Morteza Gafouri — “Sahə gözətçisi”
Rejissor: Seyed Mohamad Reza Xeradmandan
İran

Münsiflər heyətinin xüsusi mükafatı
“Çəyirtkənin öpüşü”
Rejissor: Elmar İmanov
Almaniya, İtaliya, Lüksemburq

Beynəlxalq qısametrajlı film müsabiqəsi

Ən yaxşı bədii film
“İki bəhanə ilə”
Rejissor: Samah El Kadi
Livan

Ən yaxşı sənədli film
“Yer qaçanda”
Rejissor: Frederico Lobo
Portuqaliya

Ən yaxşı animasiya filmi
“Gəlirli yer”
Rejissor: Aleks Maximov
Belarus

Ən yaxşı bədii film rejissoru
Balint Kenyeres — “Performans”
Macarıstan, Fransa

Münsiflər heyətinin xüsusi qeydi
“Mayın son bazar günü”
Rejissor: Alexandro Bordie
Lüksemburq

Münsiflər heyətinin xüsusi qeydi
“Balet rəqqaslarının kəndi”
Rejissor: Fatih Diren
Türkiyə

“Asiya istedadları” müsabiqəsi

Ən yaxşı film
“Qəlib”
Rejissor: Məhəmməd Rza Nurmandipur
İran

Münsiflər heyətinin mükafatı
“Maral dişi”
Rejissor: Saif Hammaş
Fələstin

Münsiflər heyətinin xüsusi qeydi
“Həyatda bir gün”
Rejissor: Ye Ouyang
Çin

Yerli müsabiqə

Ən yaxşı bədii film
“Erkən hisslər”
Rejissor: Nurlan Həsənli

Ən yaxşı rejissor
Əbülfəz İskəndərov — “Dərədə”

Ən yaxşı sənədli film
“Yaddaş sarayları”
Rejissor: Mətləb Muxtarov

Ən yaxşı tələbə filmi
“Məhkəmə”
Rejissor: Orxan Babayev

Münsiflər heyətinin diplomu
“Loca Tacentia”
Rejissor: Rəna Əhmədova

Münsiflər heyətinin xüsusi qeydi
Vüsalə Qasımova — “Qayıtdım” filminin təsvir rejissoru
Rejissor: Məhəmməd Məmmədov

Münsiflər heyətinin xüsusi qeydi
Nigar Süleyman — orijinal musiqiyə və kino sahəsində məhsuldar fəaliyyətinə görə

Festival geniş tərəfdaşlıq çərçivəsində keçirilib

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi XVI Bakı Beynəlxalq Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil olunan “Baku Cinema Breeze 25” kino festivalı çərçivəsində reallaşıb.

Festivalın keçirilməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, British Council, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV” və Yunus Əmrə İnstitutu dəstək göstərib.

Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı və “KinoBiz” platforması festivalın media tərəfdaşları kimi çıxış ediblər.

Beş gün davam edən festival müddətində müxtəlif ölkələrdən tammetrajlı və qısametrajlı filmlər nümayiş etdirilib, beynəlxalq kino xadimlərinin iştirakı ilə görüşlər, təqdimatlar və yaradıcı müzakirələr təşkil olunub.