İran kinosunun tanınmış aktrisa və rejissoru Niki Kərimi Bakı Beynəlxalq Film Festivalı, Azərbaycan kinosu və paytaxtla bağlı təəssüratlarını bölüşüb.
Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycana səfər edən İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi Bakının onda yaratdığı təəssüratlardan danışıb.
Müsahibəsində o, Azərbaycana ilk dəfə səfər etdiyini və Bakının gözəlliyindən təsirləndiyini bildirib:
“Azərbaycana ilk dəfə səfər edirəm. Doğrusu, Bakının bu qədər gözəl, zövqlə qurulmuş, müasir və eyni zamanda tarixi ruhunu qoruyub saxlayan bir şəhər olacağını gözləmirdim. Bu şəhəri çox sevdim”.
Azərbaycan kinosu ilə tanışlığı barədə danışan Niki Kərimi müxtəlif beynəlxalq film festivallarında münsiflər heyətinin üzvü olduğu müddətdə Azərbaycan filmlərini izləmək imkanı qazandığını qeyd edib:
“İndiyədək müxtəlif ölkələrdə keçirilən bir sıra nüfuzlu festivallarda münsif qismində iştirak etmişəm. Həmin festivallarda nümayiş olunan filmlər vasitəsilə Azərbaycan kinosu ilə də tanış olmaq imkanı qazanmışam. Bu filmlər Azərbaycan kinematoqrafiyasının üslubu, mövzu seçimi və özünəməxsus yanaşması haqqında məndə müəyyən təəssürat formalaşdırıb”.
Aktrisa hələlik şəxsən yaxından tanıdığı azərbaycanlı aktyor və aktrisaların olmadığını da bildirib.
Niki Kərimi Bakı Beynəlxalq Film Festivalının yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq festival proqramının zənginliyini xüsusi qeyd edib:
“Festival həqiqətən də möhtəşəm və peşəkar səviyyədə təşkil olunmuşdu. Proqram yalnız film nümayişləri ilə məhdudlaşmırdı. Festival çərçivəsində müxtəlif yaradıcı müzakirələr, təqdimatlar və görüşlər də keçirildi. Xüsusilə tamaşaçılarla keçirilən görüş mənim üçün çox yaddaqalan oldu. Festivalda iştirak edən bütün yaradıcı insanlara uğurlar arzulayıram”.
Tehranda yaşayan Niki Kərimi əslən İranın Mərkəzi əyalətinin Təfreş bölgəsində yaşayan Xələc türklərindəndir. Onun Azərbaycan türkcəsində çəkilmiş “Atabay” filmindəki fəaliyyəti sənətçiyə Güney azərbaycanlı tamaşaçılar arasında böyük rəğbət qazandırıb.